AZAL aprel ayında Bakıdan Daşkənd şəhərinə uçuşlara başlayacaq

“Azərbaycan Hava Yolları” aprel ayında Heydər Əliyev Beynəlxalq Aeroportundan Özbəkistanın paytaxtına birbaşa uçuşlar yerinə yetirməyə başlayacaq.

Aviaşirkət aprelin 2-dən etibarən Bakı-Daşkənd-Bakı marşrutu üzrə həftədə bir dəfə - şənbə günləri uçuşlar həyata keçirəcək. Mayın 4-dən isə daha bir tezlik əlavə olunacaq, Daşkəndə uçuşlar çərşənbə günləri də yerinə yetiriləcək.

Aviabiletləri aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Özbəkistana səyahət edən Azərbaycan vətəndaşları ölkəyə giriş qaydaları ilə burada tanış ola bilər: https://www.azal.az/az/information/covid-uzbekistan.

Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-clinics.

Sərnişin Daşkənd şəhərindən Bakıya uçuş zaman COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və ya laboratoriyada verə bilər. PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcəkdir.