
7 iyul 2020-ci il, Bakı - Azərbaycanın milli aviadaşıyıcısı iyulun 16-dan avqustun 27-dək həftədə bir dəfə (cümə axşamı) Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslər yerinə yetirəcək.
Həmin marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçiriləcək.
Bakı-London reysi ilə Böyük Britaniyaya giriş hüququ olan sərnişinlər daşınacaq. Bundan əlavə, həmin ölkənin yeni qaydalarına əsasən uçuşdan 48 saat əvvəl https://www.gov.uk/provide-journey-contact-details-before-travel-uk saytında onlayn qaydada anket doldurulması tələb olunur. Qeyd edilən müddətdə anket doldurulmadığı halda Londonun “Hitrou” hava limanının miqrasiya orqanının əməkdaşları sərnişini 100 funt sterlinq məbləğində cərimə edə bilər.
London-Bakı reysinə Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaq.
Xarici ölkələrdə təhsil alan Azərbaycanlı tələbələr aviabilet alışı zamanı 30% həcmində güzəştdən yararlana biləcəklər.
Xatırladırıq ki, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçən sərnişinlər buraxılacaq. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısını təqdim edirik:
- Referans kliniki laboratoriya mərkəzi;
- Leyla klinikası;
- Memorial klinikası
- Bona Dea xəstəxanası;
- İnci laboratoriyası;
- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);
- Kaspian Hospital;
- UltraLab.
Böyük Britaniyada COVID-19 testini sərnişin olduğu şəhərin özəl klinika, xəstəxana və apteklərində, yaxud Londonun aşağıdakı klinika və apteklərindən birində verə bilər:
- Sherlock Holmes Pharmacy - https://www.nhs.uk/Services/pharmacies/MapsAndDirections/DefaultView.aspx?id=11075
- Walkin Clinic - https://walkin-clinic.co.uk/blood-tests/covid19-testing
- London Doctors Clinic - https://www.londondoctorsclinic.co.uk/services/private-coronavirus-test/
- Private Harley Street Clinic - https://privateharleystreetclinic.com/products/covid-19-test
Hər iki halda COVID-19 üçün testin neqativ nəticəsi barədə arayışı sərnişin uçuşdan 48 saat əvvəl almalıdır.
Daha əvvəl məlumat verildiyi kimi, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarədə xüsusi qaydalar tətbiq olunacaq.