AZAL Dubay istiqamətində reyslərə bilet satışına başlayır

Azərbaycan Hava Yolları aviaşirkəti Bakı-Dubay-Bakı marşrutu üzrə reyslərə bilet satışının başlandığını elan edir.

Uçuşlar martın 1-dən etibarən həftədə iki dəfə - birinci və beşinci günlər yerinə yetiriləcək.

Epidemioloji şərait qənaətbəxş olduğu təqdirdə martın 19-dan 29-dək olan dövrdə həmin marşrut üzrə uçuşlar hər gün həyata keçiriləcək.


Bakı-Dubay istiqamətində aviareysin sərnişinlərinin nəzərinə:

- vizası olmayan və ya vizasının qüvvədə olma müddəti bitən sərnişinlər BƏƏ-yə əvvəlcədən viza rəsmiləşdirməlidirlər. Pandemiya dövründə ölkəyə giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-dubai ;

- Dubaya gəlməzdən əvvəl "COVID-19 DXB Smart App" tətbiqini yükləyərək qeydiyyatdan keçməlidirlər;

- koronavirus infeksiyasının olmadığını təsdiq edən arayış almalıdırlar (çap olunmuş formada və ingilis dilində).

COVID-19 testini vermək üçün Azərbaycandakı klinikaların siyahısı aviaşirkətin saytında dərc edilmişdir: https://www.azal.az/az/information/covid-clinics


Dubay-Bakı istiqamətində aviareysin sərnişinlərinin nəzərinə:

- Azərbaycana giriş hüququnu yoxlamalıdırlar. Azərbaycana giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı burada qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-azerbaijan;

- koronavirus infeksiyasının olmadığını təsdiq edən arayış almalıdırlar. Testin nəticəsinin həqiqiliyi uçuşun başlandığı hava limanında qeydiyyat masasında ALHOSN UAE mobil tətbiqi vasitəsilə (bu tətbiq AppStore, Google Play, GalaxyStore və AppGallery-də mövcuddur) xüsusi QR-kodla, yaxud həkimin imzası və möhürü, həmçinin QR-kodun əks olunduğu arayışı təqdim etməklə yoxlanılacaq. Dubayda koronavirus infeksiyasına analiz vermək üçün tövsiyə olunan laboratoriyaların siyahısı ilə həmçinin burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-dubai.

Hər iki istiqamətdə uçan sərnişinlərin nəzərinə:

- testin nəticəsinin reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olduğuna əmin olmaq lazımdır;

- pandemiya dövründə AZAL aviaşirkətinin tətbiq etdiyi xüsusi daşıma qaydaları ilə tanış olmaq lazımdır: https://youtu.be/-s-0s4o1L2M